Sandimmun(Neoral)
Siklosporin- əsasən orqan transplantasiyası olmaqla, immun sistemin zəiflənməsini gərəkdirən hallarda istifadə olunan dərman preparatıdır. Tolypocladium inflatum adlı torpaqda yaşayan göbələkdən alınan bu dərman öz təsirini T-limfositlərdə interleykin-2 sintezini zəiflədərək göstərir.
Böyrək, qaraciyər transplantasiyası ilə yanaşı psoriaz, ağır atopik dermatit, steroid müalicəsinə cavab verməyən xoralı kolit, uveitlər, revmatoid artrit və s. kimi autoimmun xəstəliklər də siklosporinin istifadə olunduğu vəziyyətlərdir.
Terapevtik aralığın dar olması, doza artıqlığı zamanı əhəmiyyətli toksiki təsirlərinin olması və biomənimsənilməsinin şəxsdən şəxsə fərqli olmasına görə qanda hədəflənən konsentrasiyada olub-olmamasının təyini böyük əhəmiyyət daşıyır. Toksiki təsiri ən çox böyrəklər üzərində görünür. Bundan başqa hipertoniya, tremor, qıcolma, ağciyər ödemi, diş əti hiperplaziyası, hepatotoksikliyə də səbəb ola bilər. Siklosporin sidiklə maqneziumun ifrazını artırdığına görə nevroloji yan təsirləri bununla izah olunur.
Qanda dərmann səviyyəsi qəbuldan 2-3 saat sonra maksimuma çatır. Yarımparçalanma dövri 6-8 saatdır.
Dərman qəbulundan əvvəl nümunə götürülərsə - siklosporin C0 adlanır, dərmanı içdikdən 2 saat sonra – siklosporin C-2 testi aparılır.
Analiz nə üçün istifadə olunur?
Siklosporinlə müalicə aparılan xəstələrdə qanda hədəflənən konsentrasiyanın əldə edilib-edilməməsini control etmək və xəstə üçün uyğun terapevtik dozanı müəyyənləşdirmək məqsədilə istifadə olunur.
Nəticələr nə deməkdir?
Dərmanın terapevtik konsentrasiyası transplantasiya olunan orqandan və keçən müddətdən asılı olaraq dəyişir. Böyrək transplantasıyası sonrası əsasən ilk 2 ay ərzində 150-400 ng/ml , daha sonra 75-300 ng/ml konsentrasiya yetərli hesab olunur.
Toksik konsentrasiya >400 ng/ml.

