Qan qrupu
- I qrup eritrositlərdə aqqlütinogen yoxdur, plazmada isə α və β aqqlütininləri olur;
- II qrup – eritrositlərdə A aqqlütinogen, plazmada β aqqlütinin olur;
- III qrup – eritrositlərdə B aqqlütinogen, plazmada isə α aqqlütinin olur;
- IV qrup – eritrositlərdə A və B aqqlütinogenlər olur, plazmada isə heç bir aqqlütinin olmur.
Qan qruplarını təyin etmək olduqca vacibdir və həyati əhəmiyyətə malikdir. Çünki, eyniadlı aqqlütinin və aqqlütinogenlərin (A və α, B və β) qarşılaşması nəticəsində aqqlütinasiya reaksiyası baş verir, bu da hemolizlə nəticələnir. Eyni hadisə uyğun gəlməyən qan qruplarından qan köçürdükdə də müşahidə olunur və nəticədə hemotransfuzion şok baş verir ki, bu da ölümlə nəticələnə bilər. Aqqlütininlərin hemoliz törətmək qabiliyyəti 37-40°C temperaturda mümkün olur. Otaq temperaturunda yalnız aqqlütinasiya baş verir. ABO sistemi üzrə insanın qan qrupu mənsubiyyətinin təyin edilməsi aqqlütinasiya reaksiyasına əsaslanır.
Hazırda ABO sistemi üzrə qan qrupları 3 üsulla:
I – hazırlanmış standart zərdablarla;
II – izohemoaqqlütinasiya üçün hazırlanmış standart zərdablar və eritrositlərlə;
III – monoklonal antitellərlə təyin edilir.
Rezus-faktor (Rh) - insan eritrositlərində olan spesifik zülal olub insanların 85%-nin qanında aşkar edilir (15%-də isə təsadüf edilmir). Birincilər müsbət rezus-faktorlu (Rh+), ikincilər mənfi rezus-faktorlu (Rh-) adlanır. Hamiləlik dövründə rezus-münaqişələrin başverməsinin səbəbi: qanı rezus müsbət olan dölün qanındakı eritrositlərin, qanı rezus-mənfi olan ananın qan dövranına daxil olmasıdır. Bu hal hamiləliyin 7-8-ci həftəliyindən başlayır. Bu zaman ananın immun sistemi dölün qanındakı eritrositləri yad kimi qəbul edərək onlara qarşı anticisimlər yaranır daha sonra bu anticisimlər cift vasitəsilə dölə keçərək onun eritrositlərini məhv etməyə başlayırlar. Nəticədə döldə və ya yeni doğulmuş uşaqda hemolitik xəstəliyin inkişaf etməsi təhlükəsi yaranır.