Kardiologiya — kliniki təbabətin ürək-damar sisteminin müxtəlif yaş dövrlərində anatomo-fizioloji, fiziki və psixi xüsusiyyətlərini, ürək damar sisteminin xəstəliklərini, onların diaqnostika, müalicə və profilaktika üsullarını öyrənən sahəsidir. Ürək-damar sistemi problemlərilə həkim kardioloq məşğul olur. Ürək xəstəliklərinin əsas əlamətləri döyüntü, tez yorulma, bayılma, gecələr tez - tez sidiyə getmə, nəfəs darlığı, döş qəfəsində ağrı və üzün müəyyən hissələrində göyərmədir (sianoz). Özünüzdə bu şikayətlərdən hər hansısa birini hiss etdikdə mərkəzimin Kardioloqlarına müraciət edə bilərsiniz.
Hipertenziya
Bədənimizdə dövr edən qan müəyyən normativ təzyiq altında hərəkət edir. Belə ki, qan təzyiqinin 120 mmHg \ 80 mmHg həddindən yüksək olması halı hipertenziya adlanır. Xəstəliyin əlamətləri cüt və ya bulanıq görmə, ayaqlarda şişkinlik, halsızlıq, yorğunluq, qulaq batması, burun qanaması, baş gicəllənməsi və baş ağrılarıdır. Xəstəliyin yaranma səbəbləri isə müxtəlifdir. Böyrəyin müxtəlif xəstəlikləri, şəkər xəstəliyi, artıq çəki, hamiləlik, qanda xolesterin miqdarının yüksəkliyi hipertenziya xəstəliyinə səbəb olan faktorlardır.
Müalicəsi üçün müxtəlif yönlü dərman terapiyaları tətbiq edilməklə yanaşı xəstəyə sağlam həyat tərzinə keçid etməsi də məsləhət görülür.
Ürəyin işemik xəstəliyi
Bədənimizdə dövr edən qanın hansısa kiçik və ya böyük bir damarda dayanması işemiya adlanır. Bu hal yerli bölgəyə eyni zamanda oksigen ötürülməsinə mane olduğu üçün qan dövranının dayandığı orqanın qidalanması ləngiyir və yerli damarın və ya orqanın infarktı gerçəkləşir. Işemiya ayaq, baş, ürək kimi həyati vacib orqanlarda ola bildiyi kimi eyni zamanda orqanların və ətrafların kiçik damarlarında meydana gələ bilir. Yarandığı yerə görə ürəyin infarktı və ya müxtəlif orqanların insultu kimi ciddi narahatçılıqlara səbəb ola bilir. İşemiya kiçik qan damarlarında( kapilyarlarda ) meydana gələrsə müalicəsi mümkündür.
İşemiyanın əsas səbəblərindən biri ateroskleroz xəstəliyidir.
Aorta çatışmamazlığı və darlığı
Aorta ürəkdən çıxan ən iri qan damarıdır. Aorta yetməzliyi ən çox kəskin revmatizma xəstəliyi zamanı görülən yüksək qızdırmadan yaranır. Xəstəliyin əsas təzahürü ürəyin böyüməsidir. İlk əlamətləri nəfəs darlığı və tez yorulmadır. Müalicəsi aparılmadığı təqdirdə bayılmalara, döş qəfəsində ağrılara və ani ölümə yol aça bilər. Müalicə üçün cərrahi əməliyyat və dərman terapiyasına müraciət olunur.
Miokard infarktı
Ürək əzələsinin müəyyən hissəsinə qan təchizatının dayanması və bunun əzələdə ciddi qalıcı erroziyaya səbəb olması miokard infarktı adlanır. Yaranma səbəbi arterial damarlarda meydana gələn trombozlardır. Trombozlar isə yüksək xolesterin miqdarına bağlı tədriclə damar daxilində yaranan aterosklerotik təbəqələrdən yaranır.
Bundan əlavə miyokard infarktına uzunmüddətli içki və siqaret istifadəsi, stress, hədsiz fiziki yorğunluq, narkotik vasitələrin qəbulu, artıq çəki də səbəb ola bilər. Ancaq bu səbəblər tam sağlam orqanizm üçün deyil, ürək – damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün risk faktorudur.
Aritmiya
Ürək döyüntülərinin ritm pozuntusudur. Belə ki ürək ritminin azalması və ya çoxalması hər ikisi ürəyin fəaliyyətinə mənfi təsir göstərir. Ürəkdə olan atrioventrikulyar (AV) sinir düyünü ona gələn sinir impulslarını ürək əzələsinə ötürərək onun çalışmasını təmin edir. Ürəyin işini normal yerinə yetirə bilməsi üçün dəqiqədə 60 – 100 dəfə yığılıb açılmasına ehtiyac var. Beləcə ürək ağciyərdə təmizlənmiş qanı daxili orqanlara paylayaraq insanın normal həyat fəaliyyətini təmin edir. Ürəyin ritmik olaraq döyünməsini təmin edən sinir impulslarının pozulmasına bağlı olaraq ürəyin gərəyindən daha az və ya çox döyünməsi aritmiyanı yaradır. Aritmiyanın növləri bradikardiya, taxikardiya və supraventrikulyar taxikardiyadır.
Ani ürək dayanması (Arrest)
Ürəyin nasos fəaliyyətinin anidən tam dayanması nəticəsində daxili orqanların və beynin qan təchizatının kəsilməsi zamanı xəstəyə gərəkli müdaxilə olunmaması ölümlə nəticələnir. Əsasən miokardit, anadangəlmə ürək xəstəliyi olan insanlar, ritim pozuntuları olan insanlarda rast gəlinir.
Ürək əzələsinin iltihabı (Miokardit)
Ürəyin əsas kütləsini əzələ təşkil edir, Bu əzələ müəyyən səbəblərdən iltihaba məruz qalır. Bakteriyalar, viruslar, göbələk və avtoimmun xəstəliklər ürək əzələsində iltihaba səbəb olur. Əlamətləri solğun üz dərisi, yüksək temperatur və titrəmə, əzələ ağrıları, ürək bulanma, qarında şişkinlik, səbəbsiz çəki itkisi, ritim pozuntularıdır. Əksər hallarda immun sistemi aşağı olan insanlarda mikrob, virus kimi mikroorqanizmlər miokarditə səbəb olur.
Perikard xətəlikləri
Ürəyi əhatə edən pərdəyə perikard adı verilir. Perikardla ürək arasında az miqdarda maye vardır və vəzifəsi ürək əzələsini xarici təsirlərdən qorumaqdır. Infeksiya, travma, radiasiya və digər səbəblərdən meydana gəlir. Bu zaman ürəklə perikard arasında mayenin miqdarı iltihablanaraq artır nəticədə artmış maye ürəyə təzyiq göstərərək onun işinə maneə törədir.
Endokardın xəstəlikləri
Ürəyi təşkil edən əzələ qrupları müxtəlifdir. Ürəyin daxili səthini təşkil edən əzələ qrupu endokard adlanır. Endokardın müxtəlif səbəblərdən dolayı iltihablanması eyni zamanda ürək qapaqlarının da iltihablanmasına səbəb olur. Bu səbəbdən ürəkdən keçən qanın da mikroblaşmasına gətirib çıxarır. Nadir rast gəlinən xəstəlikdir.
Pulmonal qapaq darlığı
Pulmonal qapağın funksiyası ürəkdən çıxıb ağciyərə daşınan qanın geri ürəyə qayıtmasına mane olmaqdır. Bu qapağın yetməzliyi yəni tam qapanmaması zamanı ürəkdə arterial və venoz qan bir – birinə qarışır. Çox hallarda xəstəliyin səbəbi anadangəlmə qapaq yetməzliyidir, nadir hallarda revmatizm xəstəliyinə bağlı olaraq da görülə bilir.
Miksoma - Bunu ürəyin əzələsinin şiş xəstəliyi də adlandırmaq mümkündür. Əksər hallarda xoşxassəli olub, nadir hallarda bədxassəli növünə rast gəlinir. Əlamətləri digər ürək xəstəlikləri ilə üst üstə düşdüyü üçün düzgün diaqnostika çox böyük əhəmiyyət daşıyır. Miksoma əsasən ürəyin sol tərəfində sol qulaqcıq hissəsində yerləsir. Cərrahi əməliyyat vasitəsilə ürəyin işinə mane olan bu kütləni aradan qaldırmaq mümkündür.