Follikul Stimulaşdırıcı Hormon
Ən ümumi ifadə ilə bu hormonun böyüklərdə cinsi hormonlar sintezinin kifayət qədər olmadığı hallarda yüksək, hipofizar çatışmazlıq hallarında isə aşağı olduğunu söyləmək mümkündür.
Hipoqonadizmdə, qonad çatışmazlığında, tam testikulyar feminizasiya sindromunda, kastrasiyada (cinsiyyət vəzinin xaric olunmasında), Klinefelter sindromunda, bəzi vaxtından qabaq cinsi inkişaf hallarında və menopauzadan sonra FSH və LH konsentrasiyalarında nəzərəçarpan yüksəlmə olur.
Bu testlər, impotensiya, ginekomastiya, oliqomenoreya, amenoreya kimi qonadal çatışmazlıq ehtimalını düşündürən hallarda problemin qonadlardan yoxsa hipofizdən irəli gəldiyini ayırd etməyə yardımçı olur. Aşağı nəticələr problemin hipofiz/hipotalamus, yüksək nəticələr isə qonad səviyyəsində olduğunu düşündürür. Ovulyasiyası olmayan bir qadında serumda FSH səviyyəsinin normal həddlərdə olması da, funksiya pozğunluğunun hipofiz/hipotalamus səviyyəsində olduğunu düşündürür.
Birincili hipoqonadizm, Hipofizin bazofil adenoması, Yumurtalıqların endometrial kistası, Svaer sindromu, Turner sindromu, Testikulyar feminizasiya, Disfunksional uşaqlıq qanaxması, Böyrək çatışmazlığı hallarında FSH səviyyəsi artır.
Hipofizin ön payının hipofunksiyası, hipotalamus xəstəlikləri, hamiləlik, nevrotik anoreksiya, yumurtalıqların polikistozu sindromu, hemoxromatoz, oraq hüceyrəli anemiya və hiperprolaktinemiya hallarında FSH səviyyəsi azalır.
Polikistoz yumurtalıq sindromunda LH yüksəlirkən FSH miqdarı enir. Ovulyasiyası olmayan və kliniki olaraq uyğun xüsusiyyətləri daşıyan bir qadında LH/FSH nisbətinin 2,0-dən yüksək olması Stein Levanthal sindromu, yəni yumurtalıqların polikistozu ehtimalını dəstəkləyir.
FSH hormonu miqdarı normada neçə olmalıdır?
Menstruasiyanın 3-ci günündə baxılan FSH hormonu dəyərinin 10-un altında olması normal qəbul edilir. Menstruasiyanın digər vaxtlarında baxılarsa daha yüksək çıxa və nəticə yanlış ola bilər, bu səbəblə xüsusilə follikul fazanın başlanğıcında, yəni menstruasiyanın ilk günlərində müayinə aparılmalıdır.
Analiz nə zaman təyin olunur?
- Libido və potensiyanın azalması;
- Sonsuzluq;
- Anovulyasiya;
- Oliqomenoreya və amonereya;
- Disfunksional uşaqlıq qanaxması;
- Düşüklər;
- Böyümənin ləngiməsi;
- Yumurtalıqların polikistozu sindromu;
- Endometrioz;
- Daxili cinsiyyət orqanlarının xroniki iltihabı;
- Hormon terapiyasının effektliyinin izlənilməsi;
- Vaxtından öncə cinsi inkişaf.